Honda şirkəti də ilk elektromobili olan e hetçbeki barədə məlumatları hissələrlə ötürmək şakərinə tutulub. Bir müddət bundan öncə, istehsalçı elektrokarın yan güzgülərin əvəzinə kameralarla təchiz ediləcəyi barədə məlumat vermişdi. Bu gün isə, Honda elektrokarın platforması haqqında məlumatla bölüşüb.

Honda e modelinin platformasını tamamilə sıfırdan hazırlayıblar. Platforma bütün təkərlərin müstəqil asqısına malikdir və onun konstruksiyasında alüminiumdan geniş istifadə edilib. Ən maraqlısı oldur ki, Volkswagen şirkətinin MEB platforması kimi, yapon “arabacağında” da mühərrik arxada yerləşir. Bu isə, fırlanma anının arxa təkərlərə ötürüləcəyindən və hetçbekin “təmiz” sükana malik olacağından xəbər verir.

Maye ilə soyudulan litium-ion batareyası salonun döşəməsinin altında yerləşir. 35,5 kilovat-saatlıq həcm müasir tələblərə görə az görünsə də, kiçik şəhər avtomobili üçün bəs etməlidir. Honda e modeli dolu batareya ilə 200 kilometr qət edə bilər. Batareyanın 80%-nin “yeyin” terminaldan doldurulmasına 30 dəqiqə kifayət etməlidir. Avtomobilin terminala qoşulması üçün gərək olan girişlər onun ön hissəsindədir. İnventorlar və bütün idarəetmə elektronikası isə kapotun altında yerləşdirilib.

Honda mühəndisləri avtomobilin çəkinin oxlar arasında bölünməsinin ideal nisbətinə (50:50) malik olacağını bildiriblər. Aşağı ağırlıq mərkəzi və şassinin idman tənzimlənmələri sayəsində elektromobil çox maraqlı olmalıdır. Honda e modelinin sentyabr ayında keçiriləcək avtosalonda debüt edəcəyi gözlənilir. Elektromobillərin istehsalına ilin sonunda Yaponiyadakı zavodda başlanacaqdır. Honda e modelinin Avropadakı satışlarına isə gələn ilin birinci rübündə start veriləcəkdir. İlkin məlumata görə, artıq Honda elektromobilə 31 min sifariş toplayıb.