Kişinin yaraşıqlı görünməsi üçün ən yaxşı seçim Dendizm fəlsəfəsinə əsaslanan eleqantlıqdır. Sadə və zövqlü geyimdə olan kişi ciddi və işgüzar təəssüratı yaradır.

Səlis və fiquraya uyğun tikilmiş pencək kişinin bədən çatışmazlığını gizlədə bilir. Boy və bədən formasından asılı olaraq geyimi doğru seçmək vacibdir. Dendi (ing. Dendy) üslubu bunun üçün ən doğru seçimdir.

Artıq çəkini, qarını, ensiz və meylli çiyinləri gizlətməyin ən yaxşı yolu mükəmməl biçilmiş pencəkdir.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Dendizm XVIII əsrin sonlarında İngiltərədə yaranmışdır. O zamandan bu günə qədər bu tərz obrazlar kişilər arasında pərəstişkarlarını tapır və ətrafdakıları heyran edir. Onun əsas fərqləndirici xüsusiyyəti eleqantlıqdır, daha doğrusu cəlbedicilikdir.

Dendizminin ilk görkəmli nümayəndəsi Corc Brammeldir (George Brummel). Onu mükəmməl zövqünə görə “eleqantlığın baş naziri” adlandırırdılar. Qüsursuz üslubu və nəzakətli davranışı sayəsində modanın eksperti olaraq, gələcək Kral IV Corcun geyim mövzusunda məsləhətçisi və dostu olmuşdur. Hal-hazırda da Dendi tərzi maraq oyadır və kişilər üçün ideal seçimdir. 

✽ Bu məqalə maraqlı ola bilər – “Old money” estetikası ➤

George Brummel öz zamanının fəşn influenseri olub. London Jermyn Street-də Brummelin heykəli.

İngilis zadəganalarının ekstravaqant, bahalı, daş-qaşlı “redington” geyindikləri zaman, sadə ailədən olan, lakin Eton Kolecində yaxşı təhsil almış Brammel yüksək təbəqəyə daxil olmaq üçün xüsusi tərz yaradır. O, öz bədəninə uyğun olan, sifarişlə mükəmməl biçilmiş qara frak, ağ köynək, xüsusi fəndlə bağlanmış boyun yaylığı (qalstuk), zəncirli qızıl saat, silindr papaq, qara dəri çizmə və əsadan istifadə edirdi. Onun bütün geyim predmetləri üçün yüksək keyfiyyətli materiallardan istifadə olunurdu.

O, ekstrvaqant modabazlardan eleqantlığı və mükəmməl zövqü ilə fərqlənərəq, diqqət cəlb edirdi. Brammelin prinsipi “gözəçarpan görünməzlik” (conspicuous inconspicuousness) idi. Bu tərz çox qısa zamanda aristokratlar tərəfindən yaxşı qarşınaraq, tətbiq edilir.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Dendi still yaradıcı şəxslər tərəfindən həm gündəlik həyatda, həm də əsərlərində öz yerini tapmışdır.

Dendi tərzi yalnız mükəmməl qarderob deyil, həm də cəmiyyətdəki müvafiq status, ziyalılıq, mədəniyyət, etiketə riayyət, nəzakətli və təmkinli davranış, həyata fəlsəfi baxış, düşünülmüş, səlis, aydın və konstruktiv nitqdir. Bu üslub həmişə müstəqillik və özünə inamı nümayiş etdirirək ətrafdakıların diqqətini çəkir.

Dendizmin əsasını, Corc Brammel tərəfindən irəli sürülən üç qayda təşkil edir:
• həmişə sakit ol;
• gəlişinlə hamını təəccübləndir;
• lazımi anda getməyi bacar.

Dendi əsl centlmendir və davranışları ölçülmüşdür. Riyakarlıqdan uzaqdır, yalan danışmır, lazım gələrsə həqiqəti söyləməkdən çəkinmir. Eyni zamanda, heç vaxt kimsəni əsassız və qəsdən tənqid etməz. Əsl Dendi müstəqil və özünə əmindir. Düşüncələri çox zaman əksəriyyətin fikri ilə üst-üstə düşmür və hər kəsin xoşuna gəlməyə çalışmır. Dendinin cəlbediciliyi gözlənilməzlikdir, bəzən özü də növbəti addımda nə edəcəyini öncədən bilmir.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını göstər deyim kimsən ➤

Əsl Dendi hər şeydə qüsursuzdur: görünüş, nitq və davranış. Söhbətdə təbii və səmimidir, etiket qaydalarına riayət edir.

Bu üslubun parlaq nümayəndələri – Oskar Uayld, Bayron, Puşkin, müasirlərimizdən isə Conni Depp, Bred Pitt və Devid Bekhemi göstərmək olar. Qadın-dendiyə Koko Şanel parlaq nümunədir. Məhz, Channel dendi obrazını və kişi kostyumlarını qadınlara uyğunlaşdıraraq populyar etdi.

Hugo Boss, Yves Saint Laurent, Dior, Paul Smith markalarının kişi kolleksiyalarında müasir Dendi üslubunda modellərə rast gəlmək mümkündür.

Dendi kişi geyiminin əsasları

Dendinin müasir üslubu tonların təmkinli palitrası və formaların ciddiliyidir. Əsasən geyimlər baza rənglərin yumşaq tonlarından ibarətdir. Parlaq rəngli, diqqət çəkən element isə qalstuk yaxud hər hansısa aksessuar ola bilər. 

Parçaların təmkinli naxışları – incə zolaq və damadır. İstər kostyum, istər plaş, istərsə də palto – bütün geyim növləri bədən ölçüsündə olmalı və mükəmməl şəkildə oturmalıdır. Dar yaxud oversayz geyimlər qəbuledilməzdir, ultradəbli və “qışqıran” paltarın yeri yoxdur.

Dendi qarderobunun vacib elementi – köynəkdir. O, sadə klassik üslubda, lakin həmişə keyfiyyətli parçadan hazırlanır.

Klassik kostyumların seçilməsinə xüsusi diqqət yetirilir. Qış mövsümü üçün yüksək keyfiyyətli yun və ya kəşmirdən hazırlanmış tünd rəng (sürməyi, kömür rəngi, tünd qəhvəyi) modellər məqbuldur. Qış obrazlarına dəri əlcək, yun, kəşmir yaxud ipək şərflər əlavə olunur.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi paltoları haqqında ➤

Yaz fəsli üçün incə yun, pambıq və kətan tərkibli bej, qum və açıq boz rəngin çalarlarında kostyumlar uyğundur. 

Dendi üslubunda detallara çox diqqət yetirilir: əlcəklər, saat, portmone, çətir və şərf. Vintaj aksessuarların istifadəsi qəbul edilib, lakin hər predmet üsluba uyğun olmalıdır.

Dendiyə aidiyyatı vurğulamaq üçün pencəyin döş cibinə paşe yaylıq qoymaq vərdişi yaranmalıdır. Bu aksessuar üslubun əsas elementindəndir.

Ayaqqabılar həqiqi dəridən hazırlanmalı, səliqəli və təmiz olmalıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Ətirin qoxusu çox az hiss olunmalıdır, çox parlaq aromatların yeri yoxdur, çünki hər şeydə təmkinli olmaq vacibdir.

Dendi stili kişiliyin, zadəganlığın və eleqantlığın təcəssümüdür. Bu üslubun nümayəndəsi heç vaxt səhlənkarlığa yol verməməlidir. Geyimin həmişə təmiz, səliqəli və ütülü olması vacibdir.

Səlis və zövqlü xarici görünüş nəinki bu gün, tarix boyu və dünyanın bütün ölkələrində kişi haqqında ilk təəssüratı yaradan amildir. Çünki, kişini geyiminə görə qarşılayırlar. Kiməsə bu ədalətli görünməsə də, insanın psixoloji təməli belə qoyulub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.