Altlıq ayaqqabının fundamental hissəsidir və sağlamlığa böyük təsiri var. Ayaqqabının başlıca xüsusiyyətlərindən biri də onun çəkisidir. Yüngül çəkili ayaqqabını gün ərzində daşımaq rahat olur. Çəkiyə təsir edən başlıca faktor – altlığıdır, daha doğrusu onun materialı. Bu səbəbdən snikerlərə (idman ayaqqabısı, krossovka) az çəkisi və rahatlığına görə daha çox üstünlük verilir.

Lakin, hər bir geyimlə sniker geyinmək yerinə düşmür. Kostyumla derbi, oksford, broq, soyuq fəsillərdə isə çelsi, derbi, çukka və qaytanlı çəkmələr işə yarayır. 

Ayaqqabılar müxtəlif mexaniki və iqlim təsirlərinə məruz qalır. Ona görə altlıq materialı dayanıqlı və xarici mühitin təsirinə son dərəcə davamlı olmalıdır, çünki ayaqqabının aşınması və istifadə müddəti ondan asılıdır.

Keçmiş zamanlarda altlıqlar gön-dəridən hazırlanırdı, çünki kimya sənayesi bu günki qədər inkşaf etməmişdi. Ancaq, dəri suya davamlı olmadığı üçün rezin altlıqlar yaradıldı. Artıq dövrümüzdə çox yüksək texnologiyalı materiallar mövcuddur. Bu da ayaqqabı istehsalında geniş imkanlar və yaradıcı yaxınlaşma yaradır. Artıq bu materiallarla tanış olmağın vaxtı gəlib çatıb.

Bu yaxınlarda diskussiyaların birində rezin altlıqlı premium italyan brendi Bruno Magli (Bruno Malyi) firmasının çelsi çəkməsi barədə “rezin altlıqla yaxşı çəkmə olmaz” fikrini eşitdim. Həmin şəxs onun altlığının dəridən olmamasını qəbut etmirdi. Belə düşünənlərin sayı az deyil.

Bəs bu nə qədər doğrudur?

Uzun illər sahib olduğum ayaqqabı və çəkmələrim müxtəlif altlıqlara (dəri, dəri rezin kombinasiyası, rezin, kauçuk) malikdirlər. Onların müsbət və mənfi cəhətlərini öz təcrübəmdə sınamışam. Son 10 ildə isə ayaqlarımdakı ciddi travmalarla bağlı Mənim üçün ayaqqabının keyfiyyətinin və çəkisinin çox böyük önəmi var. Gündəlik piyada uzun yol qət etdiyim üçün onların rahat olması vacibdir. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Qeyd etmək istərdim ki, keyfiyyətli ayaqqabıları uzun illər istifadə etmək mümkündür. Məsələn, Britaniya Kralı Çarlz 52 il əvvəl hazırlanan dəri ayaqqabılarını hələ də geyinir. 

Həqiqi dəri ayaqqabının üstünlüyü onun köhnəldikcə vintaj görünüş almasıdır. Yeganə şərt odur ki, onun rəngi qara olmasın, çünki qara ayaqqabı aşındıqca köhnə, qəhvəyi, kürən və burqundi (bordo) isə vintaj görünüş alır. Hətta istehsalçılar xüsusi olaraq “köhnəltmə” metodları tətbiq edərək, vintaj tərzdə olan ayaqqabılar təklif edirlər. Onlar heç də ucuz olmur. Bəzi hallarda isə pinəçilərin köməyi ilə dəri ayaqqabı və çəkmələrə patinaj tətbiq edərək “köhnəltmək” mümkündür. Bu trend aristokratların dəri ayaqqabıları uzun illər geyinərək köhnəlmələri ənənəsindən yaranıb. Belə üslub əsasən bahalı ayaqqabılarda tətbiq edilir.

✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümü üçün ayaqqabılar ➤

Altlıqlara gəldikdə isə, onlar ayaqqabının ən önəmli hissəsidir. Onlar, ilk növdəbə ayağın alt hissəsini qoruyur, kələ-kötür yol səthlərində narahatlığın qarşısını alır. 

Altlığın daban hissəsinin xüsusiyyəti isə, ayağın dabanlarını qorumaqdır. Dabansız ayaqqabı geyinmək ayaqyalın gəzməyə bənzəyir. Bununla yanaşı dabanın hündürlüyü boyu da artırır.

Məsələn, qaçış snikerlərində altlığın ön hissəsi nazik, arxa isə çox hündür olur. Qaçış zamanı ayaqlara komfort yaratmaqla (yorğunluğun qarşısını alır, əzələlərə olan təzyiqi azaldır), sürəti artırır, yol səthilə ilişməni yüksəldir. Gəzinti yaxud kəjual snikerlərin altlığının ön hissəsi daha qalın olur. 

Altlıqlar müxtəlif materiallardan hazırlanır, çünki fərqli ayaqqabı növlərinin fərqli altlıqlara ehtiyacı var. Məsələn, gəzinti çəkmələri və ya qaçış snikerlərin altlığı balet ayaqqabıları ilə eyni ola bilməz, çünki onlar fərqli funksiyaları yerinə yetirirlər.

Bəs hansı altlıq materialı yaxşıdır? Dəri yaxud rezin?

Dəri altlıqlar – digər altlıq növləri ilə müqayisədə davamlı, lakin ağırdır. Doğru istifadə olunduqda uzun illər qulluq edirlər. Dəri altlığın digər üstünlüyü, havanı keçirmə qabiliyyətinin olmasıdır. Həqiqi dəri ayaqqabıda ayaqlar tərləmir. Dəri altlıq ayağın formasını təkrarlaya bilir. Bu altlıqlar formal ayaqqabılada daha çox istifadə olunurlar. 

Dəri altlıq qısa istifadədən sonra ilkin görünüşünü itirir.

Ağırlıqla yanaşı dəri altlıqlı ayaqqabı sürüşməyə meylli olur. Digər mənfi cəhət – ilk istifadədən sonra görünüşünü itirməsidir. Dəri çızılmaya qarşı dözümsüzdür. Su ilə təmasda yaş olur və suyun daxilə sızaraq ayaqqların islanması riskini yaradır. Yaş altlığın quruması uzun müddət tələb edir. Bu səbəbdən dəri altlıqları kombinə edirlər. 

Dəri altlıq profilaktikadan (rezin qatın vurulması) sonra suya qarşı davamlı olsa da hava keçirməsi məhdudlaşır.

Kombinə olunmuş altlıq iki – dəri və rezin, - materialdan ibarətdir. Bütün altlıq dəridən hazırlanır, lakin istehsalçılar ayaqqabıların daban və ön hissəsini rezin ilə örtürlər. Rezin altlığı davamlı edir, maye və cızılmadan qoruyur. Bundan əlavə, yol səthi ilə daha yaxşı ilişməni təmin edir. Belə altlıqlar daha çox kəjual ayaqqabılar üçün istifadə olunur.

Profilaktika məqsədi ilə, dəri altlığa rezin qat vurmaq üçün çəkməçilərə müriciət etmək lazımdır.

Gön-dəri altlıq həm də baha başa gəlir. Ona görə əsasən premium brendlər tərəfindən istifadə olunur.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını göstər deyim kimsən ➤

Rezin altlıqlar təbii kauçukdan hazırlanır. Hal-hazırda ayaqqabı sənayesi istehsalçıları təbii kauçuku müxtəlif rezin qarışıqları və sintetik kauçukla birlikdə istifadə edirlər. Rezin altlıqlar yüksək davamlılıq nümayiş etdirir. Onlar istənilən havada geyinilir. Onun ən üstün tərəfi isə, suya davamlı olmasıdır. Ona görə də yağışlı günlərdə ayaqqabılarınıza suyun sızmayacağından əmin ola bilərsiniz.

Rezin altlıqlar qış çəkmələri, gəzinti ayaqqabıları və işçi çəkmələri (work boots) üçün idealdır. Çəkmələrə istənilən görünüş vermək mümkündür, çünki rezin altlıqlar digərlərindən daha qalın ola bilərlər. Rezinin başlıca çatışmazlığı uzun müddətlik gündəlik istifadə zamanı çatlamağa meylli olmasıdır. Belə olduğu halda onları pinəçidə dəyişdirmək olar.

Rezin altlıqların növləri çoxdur və məhşur brendlər tərəfindən geniş istifafə edilir.

Ridgeway – adından göründüyü kimi, istifadəçini sabitlik və yüksək ilişmə funksiyası ilə təmin edən kanallar və çıxıntıları var. O, dözümlüdür, sərt hava şəraitində də istifadə olunur. Çəkisi yüngüldür, bu da onun üstünlüyüdür.

Kommando altlıqlar – dərin çıxıntılar və möhkəm profil sayəsində istənilən hava şəraitinə davamlılığı ilə tanınır. Kommando, qalın və ağır olur. Lakin, buna baxmayaraq onlar çox populyardır. Həm dəbli kəjual çəkmə və ayaqqabılarda, həm də iş ayaqqabıları və kəjual botlar üçün uyğundur.

Dainite altlıqları (həm də istehsalçının adıdır) – rezin altlığın növüdür. Dəyirmi girintili-çıxıntılarla xarakterik bir naxışa sahibdir. Çıxıntılar çirk və daşların ayaqqabının altına girməsinin qarşısını alır. 

Dainite altlıqlı ayaqqabılar çox rahat və davamlıdır. Əksəriyyəti incə olur, ona görə ayaqqabılara daha ciddi görünüş verir. 

Əsas çatışmazlığı palçıqlı ərazilərdə kifayət qədər ilişmə funksiyasına malik olmamasıdır. Bu altlıqlar kəjual ayaqqabılar üçün idealdır.

Rezindən başqa digər materiallardan olan altlıqlar da populyardır.

Mantar-Nitril altlıqlar iki materialdan hazırlanır: mantar (butulka tıxac materialı) və rezin. Onlar rezin altlıqlar qədər möhkəmdir və ən müsbət tərəfi yüngül olmasıdır.

Çox rahat və mayeyə davamlıdırlar. Lakin onların çatışmamazlığı protektorların olmamasıdır, ona görə sürüşkən səthlərdə istifadəni məhdudlaşdırır. Ancaq, quru havada gündəlik istifadə üçün idealdır.

Krep altlıq – təbii lateks kauçuk olan Krepdən hazırlanır. Rahatlığı və cəlbedici görünüşü ilə tanınır. Pəncənin ortasında yüksələn hissəsi onu çox rahat edir. Krep altlığın mənfi cəhəti ağır olmasıdır.

Materialın açıq məsamələri çirk və ya tozun təmizlənməsini çətinləşdirir, açıq rəngdə olması isə ləkələrin təmizlənməsini çox ağırlaşdırır. Krep altlıq daha çox Dezert çəkmələrdə istifafə olunur. 

Kamp altlıqları da rezindən hazırlanır. Suya davamlı və çox yüngüldürlər. Kauçukdan hazırlandıqlarını nəzərə alsaq, əla ilişmə təmin edirlər. Bu altlıqlar gündəlik ayaqqabılar üçün uyğundur.

✽ Bu məqalə maraqlı ola bilər – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤

Kimya sənayesinin inkşafı nəticəsində digər materiallardan da altlıqlar hazırlanır. Onlara da diqqət yetirək.

Poliuretan son illərdə hər bir sahədə istifadə olunur və dözümlü materialdır. Bundan əlavə, poliuretan altlıqlar sürüşməyə və suya davamlıdır, yüksək elastikliyə malikdir. Onların istehsalı da munasib qiymətə başa gəlir. Bu altlıqlar gəzinti, qaçış və qoruyucu ayaqqabılar üçün idealdır.

ABS plastik altlıqlar – son zamanlarda özünəməxsus xüsusiyyətlərinə görə populyarlaşıb. Onlar davamlı, sərt, aşınma müqavimətinə, artan sabitliyə malikdir və asanlıqla forma ala bilər. Ayaqqabıların uzun müddət xidmət etməsini istəyirsinizsə, ABS altlıqlı ayaqqabıya diqqət edin. Bu altlıqların çatışmamazlığı – hava şəraitinə qarşı zəif müqavimət göstərmələridir, yəni yüksək istiyə və ya soyuğa dözə bilmir. 

PVC altlıqlar izolyasiya xüsusiyyətlərinə görə məhşurdur. Onlar ucuzdur, dəri ilə eyni xüsusiyyətlərə malik olduqları üçün dərinin ucuz alternatividir. PVC altlıqlara istənilən forma verilə bilər. Bu altlıqlar gündəlik ayaqqabıları üçün uyğundur.

TRP altlıqlar termoplastik kauçukdan hazırlanır. İstehsalçılar sərt olan xammaldan rezin qranullarını birləşdirməklə termoplastik kauçuk istehsal edirlər. Bu altlıqlar əla elastiklik və sürüşmə müqaviməti ilə məşhurdur. İşin mənfi tərəfi odur ki, onlar rahat deyillər. TRP altlıqlar açıq havada istifadə olunan ayaqqabılara quraşdırılır.

EVA altlıqları elastiklik xüsusiyyətlərinə malikdir, təbii amortizatordur. Bu, əksər markaların öz ayaqqabılarında nədən ondan istifadə etdiyini izah edir. Üstəlik, inanılmaz dərəcədə çevik və yüngüldürlər. Bu altlıqlar snikerlər üçün idealdır.

Bəs hansı altlıq daha yaxşıdır?

Yuxarıda sadaladığım bütün altlıqların müsbət və mənfi cəhətləri var. Onların hər biri özünəməxsus şəkildə unikaldır. Rezin, kauçuk və süni materiallar xüsusi olaraq yaradıldığı üçün onlara lazım olan xarakterisitika əlavə edilir. 

Artıq dəri altlıqlar retro avtomobillər kimi qəbul edilir. Bahalığı ilə yanaşı, dəri mateialların istehsalı çoxsayda kimyəvi prosseslərdən keçdiyi üçün ekologiyaya böyük zərər vurur. 

Bütün çatışmamızlıqlara baxmayaq dəri altlıqlı ayaqqabılar premium sinifdə yerini qoruyur və yüksək qiymətləndirlir. Amma, daha texnoloji, yüngül, rahat, uzunömürlü və hər fəsil üçün uyğun ayaqqabı axtarırsanızsa rezin və kauçuk altlıqları seçin. 

Ayaqqabılarınızın altlığı haqqında məlumatı öyrənərək, alış-verişdə düzgün seçim etmək olur. Doğru materialın seçilməsi rahatlıq, funksionallıq və uzunömürlülüyün təmin edilməsində mühüm rol oynayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.