Azərbaycanda yay aylarının intensiv istiləri kişi geyimində xüsusi yanaşma tələb edir. Standart kostyumlar bu mövsümün tələblərinə cavab vermədiyi üçün yüngül struktura, nəfəsalan parça və sprezzatura ruhu ilə formalaşan Neapolitan kostyumlar əsl tapıntıya çevrilir.
Neopolitan tərz kostyum eleqantlığın, rahatlığın və sənətkarlığın harmoniyasıdır. O, sadəcə geyim deyil, həm də bir həyat tərzidir. Ruhən və iqlim baxımından bizə yaxın olan İtaliyanın cənubundakı Neapol şəhərinin günəşli küçələrində doğan bu tərz, zamanla dünya dəbində “sprezzatura” anlayışının simvoluna çevrilib.
Sprezzatura (spretsatura) — italyanca sanki səy göstərmədən yaranan eleqantlıq, səliqəli etinasızlıqla formalaşan görünüş anlamına gəlir.

Neopolitan üslubunun banisi – Vincenzo Attolini
Britaniya kostyumlarının sərt strukturu və amerikan üslubunun geniş kəsimindən fərqli olaraq, Neapolitan kostyum bədənə uyğun, yüngül və nəfəs alan siluet təqdim edir. Pencək sanki ikinci dəri kimi oturur, hərəkət azadlığı və vizual sadəlik yaradır. Onun əsas detallarından biri — Spalla Camicia — köynək çiyini kimi tikilmiş çiyin quruluşudur. Astarın və forma verən ara qatın (danışıq: bortovka, kleyevoy) olmaması pencəyi yüngülləşdirir və isti iqlim üçün ideal edir. Neapol kimi Bakının isti yay günləri üçün ən uyğun və rahat seçim ola bilər.
XX əsrin əvvəllərində Neapol ustaları Britaniya təsirindən uzaqlaşaraq öz dəb üslubunu yaratdılar. Bu üslubun banilərindən biri Vincenzo Attolini idi. O, klassik kostyumun sərt strukturunu sökərək, daha yüngül və hərəkətə uyğun pencəklər hazırladı.

Anatomik eleqantlıq tərzinə xas olan Neapolitan kostyumunun detalları:
Çiyin və qol tikişi: Spalla Camicia (köynək çiyini) – qolun çiyinə birləşmə forması bədənin təbii xəttini təkrar edir və tikiş xəttində büzülmüş görünüş (ita. grinze) yaradır. Yüngül konstruksiyaya əsaslanan Neapolitan pencəklərdə çiyin altlığına (podpleçnik) ehtiyac duyulmur. Çiyin xətti parça ilə birbaşa işlənir, nəticədə köynəkvari yumşaqlıq və sprezzatura ruhunu daşıyan vizual rahatlıq yaranır.
Qol düymələri: Neapolitan pencəklərində qol düymələri adətən funksional olur, yəni açılıb-bağlana bilir. Bu detal, italyan sənətinin ustalığını və praktikliyini əks etdirir. Düymələr bir-birinə yaxın yerləşdirilir və bəzən bir düymə açıq saxlanılır — bu, sprezzatura ruhunu, yəni səliqəli etinasızlığı simvolizə edir. Qol düymələrinin tikişi "kissing buttons" adlanan üsulla edilir — düymələrin ardıcıl və pilləli düzülüşü kaskad effekti yaradır.
Struktur və astar: Minimal astar, yumşaq parça və yüngül quruluş sayəsində pencək nəfəs alır və bədənə köynək kimi oturur. Neapolitan üslubunun fərqləndirici cəhətlərindən biri də qol hissəsinin astarsız tikilməsidir — bu, həm yüngüllük, həm də hərəkət azadlığı təmin edir. Astar ancaq belin yuxarı hissəsinə əlavə olunur.
Yaxalıq və düymə sistemi: Bir düyməsi “gizli qalan” üç düyməlik (ing. 3-roll-2) yaxalar və geniş laskanlar (təxmini 10-12 cm) həm estetik, həm də funksional tarazlıq yaradır. Geniş laskanlar yalnız estetik element deyil, yumşaq çiyin quruluşu ilə birləşdikdə, siluetə ciddilik qatır. Anatomik baxımdan, bu cür laskanlar beli daha incə edərək görünüşü tarazlayır, sinə quruluşunu vurğulayır. Laskanların üzərindəki ikiqat tikiş xətti özəl italyan tərzi yaratmaqla yanaşı həm də konstruksiyanı möhkəmləndirir.
Ciblər: Neapolitan üslubunun əsas vizual elementləri — Barchetta (qayıq formalı) sinə cibi və pencəyin üzərinə tikilmiş "yamaq" yan ciblərdir. Yumşaq konturlu, astarsız və birbaşa parça üzərinə işlənmiş bu detallar siluetə yüngüllük verir. Stil baxımından bu ciblər sprezzatura ruhunu daşıyan, 1950–60-cı illərin elegantlığını xatırladan bir detaldır.
Şalvar: Yan tənzimləyici ilə qurşaq formasında və ya kəmər halqaları ilə tamamlanan yüksək bel hissəsi, bir və ya iki büzmə (ing. pleats) bütün obraza rahat və balanslı siluet bəxş edir. Balaqda manjetlər istəyə uyğun əlavə oluna bilər. Şalvar tərzi haqqında Qurka şalvar haqqında məqalədə ətraflı tanış ola bilərsiniz.
✽ Bu məqalə maraqlı ola bilər – Qurka şalvar – estetik və zamansız tərz ➤

Neapolitan kostyum italyan eleqantlığının mahiyyətini daşıyır: yüngül konstruksiya, təbii parça və sprezzatura ruhu ilə eleqant, rahat və zamansız.
İsti fəsil üçün yaradılan bu kostyumlar təbii və zərif tonlarda hazırlanır: bej, açıq boz, səma rəng, dəniz mavisi, mavi, qəhvəyi, xaki kimi açıq rənglərdə olması məsləhətdir. Qara rəng rəsmi rəng olduğu və günəş istisini özünə çəkdiyi üçün heç uyğun deyil.
Neapolitan kostyumlar iş, tədbir, ziyafət və gündəlik geyim üçün idealdır. Formal görünmək istədiyiniz, amma sərtlikdən qaçdığınız məkanlarda bu üslub özünü doğruldur. Azərbaycanın isti aylarında tədbirlər, ziyafətlər, iş və şəxsi görüşlər üçün bu kostyum çox uyğundur.
✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümündə kişilər nə geyinəcək? ➤

Bu kostyumla incə pambıq və ya kətan köynəklər, yumşaq quruluşlu ipək, kətan yaxud toxunulmuş qalstuklar effektli obraz yaradır.
Ayaqqabı seçiminə gəldikdə, zamşa və yumşaq dəridən hazırlanmış loferlər bu kostyumla mükəmməl uyğunlaşır. İşgüzar tərz üçün klassik ayaqqabı növləri – oksford, derbi və ya monk modellərini əlavə etmək olar.
✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümü üçün ayaqqabılar ➤
Neopolitan üslubu sənətkarlıqla komfortu birləşdirərək müasir kişi dəbində öz yerini qoruyur. Hər tikiş, hər qat, hər detal xüsusi tərz yaradır.
Neapolitan kostyumlar sadəcə geyim deyil, bir həyat tərzidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.