Sifarişlə tikilən kostyum və şalvarların fərqləndirici xüsusiyyətlərindən biri də kişinin bədən quruluşuna uyğun hazırlanmasıdır. Bu yanaşmanın göstəricilərindən biri – enli qurşaq hissəsində kəmər halqaları əvəzinə yan tənzimləyicilərin istifadə olunmasıdır. Belə dizayna malik şalvarlar – Qurka (ing. Gurkha) adlanır.

Qurka şalvar – yüksək beli və qurşaq hissədə ikiqat bağlama detalları ilə tanınan, eleqant görünüşlü kişi geyim predmetidir.

Adını Nepalın məşhur Qurka əsgərlərindən alan bu şalvarlar həm tarixi, həm də estetik baxımdan maraqlıdır. Qurka şalvarların mənşəyi XIX əsrin əvvəllərinə dayanır. Britaniya Ordusunda xidmət edən Qurka əsgərlərinin formasının hissəsi olan bu şalvarlar, döyüş zamanı rahatlıq və hərəkət azadlığı təmin etməklə yanaşı, səliqəli görünüşü də qoruyurdu. Zamanla hərbi geyimdən klassik kişi modasına keçid edən Qurka şalvarlar bu gün də stil həvəskarları tərəfindən sevilir.

Qurka şalvarın uğurlu görünməsi üçün düzgün ölçü seçimi əsasdır. Şalvar beldə yüksək oturmalı, ayaq hissəsi isə incə və yığcam siluetə malik olmalıdır. Həddindən artıq geniş və ya boş modellər bu şalvarın eleqant görünüşünü poza bilər. Daha yaxşı nəticə almaq üçün bu şalvarı ölçülərinə görə Atelyedə peşəkar dərziyə sifariş etmək lazımdır.

Mən Qurka şalvar və kostyumları By Fakhri Atelyesində sifariş edirəm.

Qurka şalvar yüksək bel oturuşu və geniş qurşaq hissəsi ilə seçilir. İki düymə ilə bağlanan qurşaq kəmərə ehtiyacı aradan qaldırır, buna görə də kəmər halqaları olmur. Belin ölçüsünü tənzimləmək üçün yan hissələrdə ayarlana bilən kiçik kəmərçiklər —tənzimləyicilər tikilir.

Gurkha şalvarların qurşaq bağlama konstruksiyası, yüksək bel və inteqrasiya olunmuş tənzimləmə sistemləri ilə xarakterizə olunur. Ənənəvi modellərdə ön panel üzərində yerləşən cüt qayışlı bağlama (ing. double buckle waistband) əsas konstruktiv elementdir. Bu qayışlar adətən 2.5–4 sm enində olur və metal toka ilə sabitlənir, belin ±2 sm aralığında tənzimlənməsinə imkan verir. 

Bağlama sistemi, əsasən iki qatlı quruluşdan ibarətdir: üst qat dekorativ və tənzimləyici funksiyanı daşıyır, alt qat isə sabitlik və rahatlıq üçün daxili düyməli və ya çəngəl bağlama ilə tamamlanır. Bəzi versiyalarda yan tənzimləyicilər (ing. side adjusters) əlavə olunur — bu, belin simmetrik şəkildə sıxılmasını təmin edir və kəmərsiz konstruksiyanı gücləndirir. 

Qurşaq hissəsi adətən 5–7 sm hündürlükdə olur və bel xəttini tam əhatə edir, bu da həm siluetin vizual uzanmasına, həm də şalvarın struktur sabitliyinə xidmət edir. Kəmər ilgəklərinin olmaması, bağlama sisteminin həm estetik, həm də texniki dominantlığını ön plana çıxarır.

Ön hissədə, hər tərəfə əlavə olunan iki büküş oturarkən omba bölgəsini genişləndirərək əlavə rahatlıq təmin edir. Ümumilikdə, Qurka şalvar geniş ayaq kəsimi ilə tanınır və gündəlik istifadədə komfort hissi yaradır.

Şalvarın balağında manjetlərin olması həm funksional, həm də estetik baxımdan üstünlük sayılır. Bu qatlanmış hissələr şalvarın aşağı bölməsinə vizual ağırlıq verərək onu daha səliqəli göstərir. Eyni zamanda, balağın ağırlığı ayağa qalxarkən şalvarın formasını tez bərpa etməsinə kömək edir. Manjetlərin hündürlüyü adətən 4–5 sm olur.

Ənənəvi olaraq Qurka şalvarlar möhkəm və davamlı materiallardan — yun və ya pambıqdan hazırlanırdı. Lakin, müasir dövrdə istənilən parçadan ola bilər. Yay və yaz aylarına kətan, incə pambıq, yaylıq yun (ing. cool wool), sirsaker (ing. seersucker) və lyosell (ing. lyocell yaxud tencer) kimi yüngül parçalar; payız və qış mövsümündə isə qabardin, moleskin (qalın və dözümlü pambıq parça), yun, tvid və velvet ideal seçimlərdir.

Qurka şalvara klassik görünüş üçün saya rəngli və ya incə naxışlı (zolaqlı və ya dama-dama) köynəklər uyğun seçimdir. Onlar şalvarın strukturunu tamamlayır və ümumi silueti eleqant edir. Daha rahat və gündəlik tərz üçün isə trikotaj polo və yüngül kətan köynəklər uyğun gəlir. Qurka şalvarı hətta saya rəng t-şörtlə də kombin etmək olar. 

Soyuq aylarda isə Qurka şalvarı neytral tonlarda incə yumruboğaz sviterlə (vodolazka, ing. turtleneck və ya rollneck sweater) birləşdirmək obrazı daha yaradıcı və intellektual göstərə bilər. Bu kombinasiya həm istilik, həm də estetik dərinlik təqdim edir.

Üst geyimlərə gəldikdə isə seçim imkanları olduqca genişdir. Qurka şalvarı müxtəlif materiallardan hazırlanmış blazer, sviter, kardiqan, gödəkcə, plaş və palto ilə uyğunlaşdırmaq mümkündür. Bir sözlə, bu tərz şalvar universallığı ilə seçilir — istəyə, zövqə və fantaziyaya əsaslanaraq saysız-hesabsız obrazlar yaratmaq olar. Əsas odur ki, ümumi ansamblda bütün elementlər bir-biri ilə ahəng təşkil etsin.

Aksesuarlar Qurka şalvarın fərdi üsluba uyğunlaşdırılmasında mühüm rol oynayır. Bu şalvarları aşırmalarla (ing. suspenders yaxud bracers) geyinmək də mümkündür. Bu dəstləşmə düzgün tətbiq olunduqda eleqant və fərdi üslubun göstəricisinə çevrilə bilər. Aşırmalar Y şəkilli, dəri başlıqlar və düymə bağlantısı (düymələr qurşağın iç hissəsinə tikilir) ilə olması ona daha səliqəli göstərəcək. Aşırmaların rəngi şalvarın rəngi ilə ahəng olması məsləhətdir.

Qurkaya uyğun ayaqqabı seçimi genişdir: loafer və klassik ayaqqabıların bütün növləri; çəkmələrdən: çelsi, derbi, çukka ilə dəstləşdirmək münasibdir. Qotazlı zamşa loafer (ing. tassel loafers) və ya broq ayaqqabılarla (ing. brogue shoes) smart kəjual obraz yaranır və şalvarın klassik ruhunu tamamlayır. Rəsmi görünüş üçün blazer (ayrı satılan pencək) əlavə etmək olar.

Qurqa şalvar tərzi kostyumlara da uğurla tətbiq olunur. Bu cür kostyumlar müasir, kreativ və dəbli görünüşü ilə seçilir. Kostyumun pencəyinin kəjual üslubda olması daha məqsədəuyğundur — 2 və ya 3 düyməli modellər (ən üst düymə görünməz qalır), enli yaxalar (10–12 sm) və yan üstə tikilən ciblər bu tərzin əsas xüsusiyyətləridir. Belə kostyumlar rəsmi tədbirlər istisna olmaqla, müxtəlif ziyafətlər və gündəlik tədbirlər üçün ideal seçimdir.

Qurka şalvar kişi geyimində həm klassik, həm də praktik bir seçimdir. Bel quruluşu və fərqli silueti ilə bu model rahatlıq və estetik görünüş arasında balans yaradır. Gündəlik və yarı-rəsmi geyimlər üçün uyğun olması onu qarderobda funksional predmetə çevirir. Müasir tərzə uyğunlaşa bilən quruluşu sayəsində müxtəlif üst geyimlərlə asanlıqla dəstləşdrmək olur. 

Hər bir müasir və zövqlü kişinin qarderobunda Qurka şalvarın yer alması labüddür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.