Kişi geyimindəki qaydalar çox sadə olsa da, əksəriyyət onları bilmir. Kimsə deyə bilər ki “nə fərqi var?!” Həmişə söylədyim kimi, xarici görünüş kişi haqqında çox şey söyləyə bilər. Yaxşı təəssürat yaratmaq üçün heç də bahalı geyinmək şərt deyil, səliqəli, zövqlü və minimalist obraz yetərlidir. Bu baza məlumatları öz xarici görünüşünə önəm verən kişilər üçün etiketin “əlifbasıdır”.

İndi keçək qaydalara…

1. Hazır tikilmiş kostyum, pencək və şalvar aldıqdan sonra dərziyə müraciət edərək onun ölçülərini, belini və qolunu bədənə uyğunlaşdırmaq lazımdır.

2. Pencəyin aşağı düyməsi açıq saxlanılır. O bağlanılmaq üçün nəzərdə tutulmayıb. Eyni qayda jiletə də aiddir.

3. Üçdüyməli pencəyin üst düyməsini bağlamağa ehtiyac yoxdur. Yalnız orta düymə bağlanır. Hətta yaxanı elə ütülətdirmək olar ki, düymə və onun ilgəyi yaxa qatının altında qalaraq, 2 düymə tərzi yaradır.   

✽ Bu məqalə maraqlı ola bilər – Düymələmə etiketi ➤

4. Yeni alınan pencək yaxud kostyumun qolundakı etiketi söküb, çıxartmaq lazımdır. Hətta, çox gözəl görünsə də.

5. Bəzi (bahalı) pencəklər çiyinlərində ağ saplarla üstdən tikiş ilə satılırlar. Bu satışa qədər formanı saxlamaq üçün edilir. Geyinmədən öncə onları sökmək lazımdır.

6. Pencəyin cibləri də formanı saxlamaq üçün tikilir. Bu saplar da sökülməlidir. 

7. Pencəyin yan ciblərinə açar, telefon, həcmli və ağır əşyalar qoymayın. Pencəklə daşımaq üçün yüngül və incə portmane – kartlıq istifadə etmək daha yaxşıdır.

8. Pencək bədənə dəqiq oturaraq, onun formasını təkrar etməli və vizual olaraq yaxşılaşdırmalı, çatışmamazlıqları isə gizlətməlidir. 

9. Standart pencək ombanı örtməlidir. O, nə böyük, nə də kiçik olmamalıdır. Oversayz pencəkləri metroseksuallara və dəbli qızlara buraxın.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

10. Xüsusi tikilmiş şalvara (kostyum həmçinin) kəmər halqaları qoyulmur, əvəzinə yan tənzimləyicilər tikilir. Onların vasitəsi ilə belin genişliyini tənzimləmək olar. Bu həm də xüsusi sifarişin göstəricisdir.

11. Ağ şalvar ilə ağ deyil, bej (dəri rəngi) rəng bokser geyinilir. Əks halda ağ alt paltar şalvarın altından rəngli və qara bokser qədər sezilərək diqqəti çəkəcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

12. Ayaqqabı ilə kəmərin rəngi eyni olmalıdır. Qara ayaqqabı ilə qara kəmər, qəhvəyi ayaqqabı ilə qəhvəyinin müxtəlif çalarları ola bilər. Ağ idman ayaqqabısı ilə ağ kəmər geyinilmir, kəmər şalvarın rəngində ola bilər. Kəjual geyimdə ayaqqabı və kəmərin fərqli rənglərdə olması istisna hal ola bilər.

13. Kəmərlə çiyinbağı (xalq arasında – podtyajki, ing. Suspenders) eyni zamanda taxılmır. İkisindən birini seçmək gərəkir.

14. Kəmər halqaları olan şalvarla kəmər taxmaq qəbul olunub. Köynək şalvarın üstündədirsə, kəmərsiz geyinilə bilər, lakin altına yığılırsa, kəmərin olması mütləqdir.

15. Köynəyin qolu pencəyin qolundan 1-1.5 sm görünərək, əlin baş barmağının əsasında bitməlidir. 

16. Kostyum və qalstukla geyinilərkən ağ köynəyin altından çiyinli mayka deyil, t-şört geyinmək lazımdır, yaxud maykadan imtina etmək. Çünki, çiyinli mayka sezilərək heç də xoş olmayan görünüş yaradır.

17. T-şört və Polo köynəylə mayka geyinilmir. Səbəbi öncəki maddədə göstərilib. Tərləməmək üçün evdən çıxmadan öncə duş qəbul edib, desodorant və gellərdən istifadə etmək gərəkir.

18. Şalvarın balağı ayaqqabının üzərində qatlar yaratmamlıdır. Əgər yaranırsa, deməli şalvar uzundur. Onu qısaltmaq məsləhətdir. Kostyum şalvarının balağının eni 18-22 sm aralığında olur. 

19. Qısa şalvar sevənlər şalvarın balağını ayaqqabıdan 1-2 cm yuxarı qatlaya bilərlər.

20. Şalvarın balağında olan manjet 4-4.5 sm enində olur. Boyu 170 sm-dən kiçik olan kişilərə manjet qəti qadağandır, çünki boyu vizual kiçildir. İki bortlu pencək də həmçinin.

21. Qalstukun ucu kəmərə toxunmalıdır. Nə ondan qısa, nə də uzun olmamalıdır. Qalstukun düyünü bir qat olmalıdır. Bir neçə qat bağlama üsulları olsa da məsləhət deyil.

22. Qalstukun eni ilə pencəyin yaxasının eni həmahəng olmalıdır. Ensiz yaxa ilə nazik qalstuk, geniş yaxa ilə enli qalstuk taxılır. 

✽ Bu məqalə maraqlı ola bilər – Qalstukun eni necə olmalıdır? ➤

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

23. Qalstuk yalnız kostyum yaxud pencəklə geyinilir. Gödəkçə ilə də yeri var. Lakin, üst geyim olmadan köynəklə qalstuk taxmaq anası tərəfindən toy mərasimi üçün geyindirilən 9-yaşlı “mama uşağı” obrazı yaradır. 

24. Pencəksiz parça jilet (ing. Suit Vest) yalnız kəjual obrazlarda (cins, çinos ilə) istifadə olunur. Kostyum üçlüyünü pencəksiz geyinəndə, pencəyin yaddan çıxması kimi təəsürat yaranır. Yaxud, restoranda ofisiant işlədiyinizi düşünəcəklər. 

25. Kostyum qısa qol köynəklə geyinilmir, yalnız uzun qol köynəklə ola bilər. Qısa qol Polo köynək yalnız kəjual tərzdə istifadə olunur.

26. Hər gün qara kostyum geyinən kişilər – kahinlər, dəfn xidmətinin əməkdaşları, məxfi agentlər və ya dəfn mərasiminin iştirakçıları sayıla bilərlər. Mavi, sürməyi, boz və qəhvəyi rənglərə nəzər salın. Onlar daha ciddi obraz və etibar yaradırlar.

27. Qara kostyum, qara köynək, qara qalstuku ya 90-cı illərin quldurları, ya da Ceyson Stətəm geyinir. Əgər siz Stətəm deyilsinzsə, bu obrazdan uzaq durun.

28. Smokinq kostyum ilə uzun qalstuk deyil, “kəpənək” qalstuk geyinilir. 

✽ Bu məqalə maraqlı ola bilər – Smokinq haqqında bilmək istədiyiniz ➤

29. Kvadrat burunlu ayaqqabılar 80-ci illərdə qalıb, onları geyinməyin. Əgər bu ayaqqabılar babanızdan gözəl xatirədirsə və ideal vəziyyətədirsə, onu evinizdə stelajda saxlaya bilərsiniz.

30. Formal və biznes kostyumlarla yalnız hamar dəridən oksford/derbi ayaqqabı, çelsi və çakka (ing. Chukka) çəkmələr geyinilir. Zamşa və broq ayaqqabılar, kombat və işçi çəkmələri kəjualdır. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

31. Şortla corab geyinilmir, səndəl və şapşapı ilə həmçinin.

32. İdman forması yalnız məşq və idman zalı üçündür. Görüşə və kafeyə kəjual obrazda getmək qəbul olunub.

33. Kamuflyaj printli geyimi ancaq ova, balıq tutmağa və hərbi oyunlara geyinmək olar, kəjual olaraq deyil. Çünki, şəhərdə hamı onsuz da sizi görür. Amma parkdakı bitkilərin arasında gizlənmək niyyətiniz varsa, başqa məsələ.

Beləliklə, yuxarıda sadalanan 33 qaydaya riayyət etməklə yaxşı təəssürat yarada bilərsiniz.

Mövcud qarderobu araşdırmaq və yeni predmetlər alaraq əlavə etmək, baza qarderob yaratmaq istədiyi olan, lakin yolunu bilməyənlər konsultasiya üçün müraciət edə bilər. Həmçinin Instagram səhifəmdə videoları izləyərək məlumat almaq mümkündür.

✽ Fəşn Konsultasiya üçün (What’s App) müraciət ➤

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.