Kişilərin Orta Yaş Böhranı 40 yaşdan sonra başlayır. Bu dövrdə əksəriyyət aktiv həyat tərzinə, sağlam qidaya diqqət yetirir, ən başlıcası isə, geyim tərzini dəyişir.

Araşdırmalar göstərir ki, kişilərin əksəriyyəti moda və geyim tərzləri haqqında az məlumatlıdırlar. Bununla yanaşı, zövq məsələsində də problemlər var. Ona görə də, bu mövzuda əksər hallarda səhv qərarlar qəbul olunur. 

Özəlliklə, həyatınlarında gənc xanım olan 40+ kişilər gənc oğlanlarla bəhsə girib, onlar kimi geyinir və bənzəməyə çalışırlar. Məqsəd isə, özünü daha gənc göstərmək və gənc qızların xoşuna gəlməkdir. 

Amma, burada bir “sirr” var ki, qadınların əksəriyyəti, yaşından asılı olmayaraq kişi obrazlarında klassik tərzə daha çox üstünlük verirlər. Çünki, belə tərz etibar hissi ilə yanaşı görüntü olaraq uğurlu obraz təəsüratı bağışlasın. Üstəlik, qadınlar özünü gənc göstərməyə çalışan 40+ kişilərə qeyri-ciddi münasibət bəsləyirlər.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Klassik tərz dedikdə yalnız kostyum nəzərdə tutulmur, bu tərzə həm də cins, polo, kəjual köynək, sviter, gödəkcə və bleyzerlər də daxildir. 

Doğru geyinmək uğurun yarısıdır. Burada məqsəd yalnız qadınların xoşuna gəlmək deyil, həm də biznez partnyorlar və ətrafın rəğbətini qazanmaqdır. Məlum məsələdir ki, gündəlik olduğumuz hər yerdə insanı xarici görünüşünə görə qarşılayırlar. Bu dünyanın hər yerində belədir.

Psixoloqlar deyir ki, hər gün fərqli görünüş insana daha yaxşı əhval ruhiyyə gətirir. Həm də ətrafdakıların bunu sezməsi, komplimentləri motivasiya və özgüvənin yüksəlməsinə səbəb olur.

Əgər kiminsə geyim və tərz haqqında məlumatı yoxdursa, bu da problem deyil, bu sahənin mütəxəssislərinə; imicmeyker və ya fəşn konsultantlara müraciət etmək kifayət edir.

Bu məqalədə qeyd edilən məlumat və məsləhətlər ümumi nöqteyi nəzərdən tərtib edilib. Belə ki, hər kəsin fərdi bədən forması, boyu, dərisi və saç rəngindən asılı olaraq xüsusi tərzi yaradılmalıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün 33 qayda ➤

Düzgün tərzin yaradılması üçün etaplar: 
• mövcud qarderobun araşdırılması;
• geyimlərin yeni qarderobun yaradılması üçün seçilməsi;
• tərzə uyğun olmayan paltarların kənarlaşdırılması;
• yeni alınacaq geyim və aksessuarların siyahısının tutulması;
• siyahıdakı geyimlərin alınması;
• yeni qarderobun formalaşdrılması.

Qarderobdan çıxarılan lazımsız geyimləri ikinci əl bazarında satıb, əldə olunmuş vəsaitə yeni predmetlər almaq olar.

Rənglər vacibdir

Əlvan rənglərə “əlvida” demək vaxtıdır. Bundan sonra qarderobdakı geyimlər baza rənglərdən: qəhvəyi, bej, boz, açıq boz, mavi, sürməyi, sumağı, ağ, hərbi yaşıl və xakidən ibarət olacaq. Qara rəng isə, yalnız rəsmi tədbirlər üçün nəzərdə tutulmuş kostyum, smokinq və ayaqqabılar üçündür.

Əlvan rənglərdən istifadə etmək istəsəyənlər üçün qalstuk, paşe-yaylıq, şərf və corablar kimi aksessuarlar seçmək mümkündür. 

Geyimin üzərində yazılar, loqolar, qrafika və şəkillərin olması qadağandır! Çünki, onlar qeyri-ciddi təəsürat yaradır.

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Kostyum

Yaşından asılı olmayaraq hər bir kişiyə kostyum yaraşıq verir. 50 yaşdan sonra isə, onun qarderobda olması aksiomadır. 

Kostyum üçün universal rənglər: 
Yaz-yay üçün: açıq boz, bej, qəhvəyi, səma rəngi, mavi
Payız-qiş üçün:
tund boz, sürməyi, mavi, qəhvəyi

Dar şalvar, qısa, ensiz yaxalı pencəkdən imtina edin. Pencəyin yaxasının eni 8 sm və çox olması zamanın tələbidir. Geniş yaxalar çiyinin enini vizual olaraq artırır. Qalstukun eni pencəyin yaxasının genişliyinə uyğun olmalıdır. Deməli, incə qalstuklar da qarderobdan çıxarılmalıdır. Pencəyin yaxa cibində hər zaman paşe-yaylığın mövcudluğu tövsiyə edilir. Bu xırda detal eleqant görünüş yaradır. 

Ən yaxşı seçim isə, bədənə uyğun biçilmiş kostyumun sifarişidir. Şalvarda kəmərin əvəzinə yan tənzimləyicilərin olması onun yüksək keyfiyyətindən xəbər verir. Kəmərləri cins və çinoslar üçün saxlayın. Yeri gəlmişkən, eni 3.5 cm olan dəri kəmər seçin, çox enli kəmələr artıq dəbdə deyil. Toqqa da sadə olmalıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Pencəyin bir bortlu və iki düyməli olması məsləhətdir. İki bortlu pencəklər bədəni geniş göstərdiyi üçün yalnız “incə-mincə” kişilərə uyğundur. 

Kostyumla geyinmək üçün köynəkləri saya (naxışsız) ağ, səma və vertikal çızıqlı mavi rənglərdə almaq universal variantdır. Onları hər rəng və tərz kostyumla geyinmək mümkündür. Bu köynəklər pambıq parçadan olmalıdır. Sintetik parçalardan uzaq durun. Yay aylarında kətan yaxud pambıq-kətan qarışıq köynək sərin saxlayacaq. 

Smart kəjual

Bu tərzi ən asan yaratma yolu – bleyzer cins yaxud çinos və ya kəjual şalvar dəstidir. Bu dəstə köynək yaxud polo əlavə etmək olar. Köynəklə yanaşı, uzun boğazlı (vodolazka) sviter, pulover yaxud incə V-boğaz sviterləri istifadə etmək məsləhətdir. Bu tərzi tamamlamaq üçün ayaqqabılar: derbi, lofer, çelsi çəkmə yaxud dəri fəşn snikers geyinmək olar.

Skinni cinslərin heç yeri yoxdur. Ümumiyyətlə, kişilərdə heç bir yaşa və bədən formasına bu tərz cinslər yaraşmır. Cins seçimində dar kəsim (slim fit), konus şəkilli (taper fit) və düz kəsim (regular fit) tövsiyyə olunur. Bel hissəsinin oturuşu aşağı (ing. low waist) deyil, orta (ing. middle waist) və yüksək (ing. high waist) olması onun bədənə daha yaxşı oturmasına yardım edir. Bu da omba hissəsində torbalanmanın qarşını alacaq. Bu yaşda yırtıq cins heç bir halda geyinmək olmaz. 

✽ Bu məqalə maraqlı ola bilər – Cins haqqında maraqlı faktlar ➤

Fen Şuy (ing. Feng Shui) fəlsəfəsinə görə cırılmış, köhnə və çirkli şeylər uğursuzluqları özünə cəlb edir. Belə paltarlar dağıtma enerjisinə malikdir və buna görə də sahibinə rahatlıq gətirmir. Belə əşyalar maliyyə "enerjisi" dəliklərinə çevrilərək rifahın pozulmasına yol açır.

Cins bədənin ölçüsünə və uzunluğuna uyğun olmalıdır. Tünd rəng (ing. dark wash) yaxud yuyulmamış çiy denim (ing. raw denim) parçalara üstünlük vermək məsləhətdir. Yaz-yay üçün orta yuyulmuş (ing. middle wash) və ağ rəng cins yarayar. 

Sürməyi rəng sviter və ya bleyzerlə ağ cins yaxud şalvar cazibədar obraz yaradır. Bu obrazı ağ yaxud açıq mavi köynək və mavi topsayder (ing. topsider yaxud boot shoes) tamamlamaq olar. 

Cinsdə sadalanan qaydalarla 1 ədəd mavi denim gödəkcənin qarderobda olması labüddür. Lakin, bu gödəkcəni cinslə deyil, çinos və kəjual şalvarla geyinmək daha eleqant obraz yaradacaq. Əgər ürəyiniz çox istəsə tünd mavi denim gödəkcə ilə fərqli rəng, kontrast yaradan cins geyinmək olar.

Smart kəjualın qaydalarından biri də kontrast yaradan açıq rəng şalvar və tünd rəng pencəyin (həmçinin gödəkcə, kardiqan, sviterin) birləşməsidir.

✽ Bu məqalə maraqlı ola bilər – Geyimdə Dendizm fəlsəfəsi ➤

Üst geyim

Soyuq fəsillərdə də üst geyimi doğru seçmək lazımdır. Yaz və payız ayları üçün dəri, təbii materiallardan gödəkcə, trençkot, plaş zəncirbəndli kardiqan, safari kətan pencək və bleyzer yaxşı seçimdir. Onları yuxarıda göstərilən geyimlərlə kombinasiya etmək olar. Soyuq havalarda yun materialdan buşlat (qısa iki bortlu palto) və uzun paltolardan seçim etmək olar.

Paltoları sürməyi, qəhvəyi, bej, xaki, hərbi yaşıl, kömür rəng, boz rənglərdən seçmək daha məqsədəuyğundur. Gödəkcələri qəhvəyi, kürən, qara, boz, mavi və ağ rənglərdə əldə edin.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi paltoları haqqında ➤

Ayaqqabı

Yuxarıda sadalanan geyimlər ilə oksford, derbi, broq, lofer, monk tufli, çelsi, çukka və uzunboğaz derbi çəkmələr ahəng dəst yaradır. Bu siyahıya fəşn snikerslər (krossovka) də əlavə edin. Atletik snikerslər yalnız idman üçün geyinilir. 

Fəşn snikerslər – əslində snikers görünüşlü derbi ayaqqabılardır və gündəlik istifadədə rahatlıq üçün yaradılmışdır.

Minimalist görünüşlü və qaytansız Çelsi çəkməni həm cins, həm çinos, həm də kostyumla geyinmək olar. Çukka çəkmələr qaytanlıdır və Çelsi kimi universaldır. Uzunboğaz və qaytanlı derbi çəkmələr ancaq kəjual obrazlar üçün uyğundur. Onları gödəkcə və buşlatla (2 bortlu qısa palto) geyinmək qəbul olunub.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Çəkmələr gündəlik qarderoba hərbi geyimdən gəldiyi üçün mərdlik və kişilik simvolu sayılır. Araşdırmalar göstərir ki, ilk görüşə çəkmədə gələn kişilərə qadınlarda şüuraltı rəğbət yaranır.

Qaçış və aktiv gəzinti üçün keyfiyyətli atletik snikerslərin olması da vacibdir. O, qarşınıza çıxan ilk sərfəli qiymətə olan idman ayaqqabısı deyil, məqsədinə görə seçilməlidir.

Materiallar

50 yaşdan sonra geyinəcəyiniz bütün paltarların və ayaqqabıların materialı yüksək keyfiyyətli olmalıdır. Bu sizin statusunuzu və yaxşı zövqünüzü nümayiş etdirir. 

Yaz-yay üçün tropik yuna (çox incə yun paça), kətan, lyosell, tvill və incə pambıq parçaya, payız-qış üçün isə, yun, tvid, qalın pambıq meteriallara üstünlük vermək lazımdır.

Ayaqqabıları həqiqi dəri və zamşa materiallarından seçin. Gündəlik istifadə üçün qəhvəyi, boz, mavi rənglərdə dəri ayaqqabılar və çəkmələr uyğundur. Əksəriyyət düşünür ki, qara rənd ayaqqabı universaldır və hər rəng geyimə uyğundur. Lakin, bu səhv düşüncədir. Qara ayaqqabı yalnız qara kostyum və şalvarla geyinilir.

✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤

Geyim öz yerində, amma bu yaşda mütləq aktiv həyat tərzi olmalıdır. Yüngül idman növlərindən seçim etmək daha yaxşıdır. Üzgüçülük ən uyğunudur. Cimdən (ing. Gym) fərqli olaraq üzmə travmatik deyil, amma əzələlərin sağlamlığına və ümumi hissiyata möhkəm təsir görstərir. Həm də su neqativ enerjini yuyub aparır.

Xarici görünüş kişinin özgüvəninə güclü təsir göstərir, həm də enerji verir. Bir də ki, insan nə üçün işləyib, pul qazanır axı?!

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.