Kinofilmələrdə kostyumda döyüşən qəhrəmanları yəqin ki, görmüsünüz. Mən belə səhnələri görəndə düşünürdüm ki, görəsən kostyumda döyüşmək nə qədər rahatdır? Heç pencəyi də çıxarmır.

Əgər kostyum bədən ölçülərinə görə yüksək keyfiyyətli parçadan biçilərək peşəkar dərzi tərəfindən hazırlanıbsa, onu çıxarmadan da döyüşmək olar. Təbii ki, söhbət döyüşməkdən deyil, rahatlıqdan gedir.

Kingsman filmi peşəkar tikilimiş kostyumun necə rahat olduğunu nümayiş etdirir

Xüsusi sifarişin üstünlüyü şəxsin ölçülərinə görə xüsusi tikildiyi üçün kostyum bədənə səlis oturur, fiziki hərəkətlər zamanı narahatlıq yaratmır. Kostyum dar yaxud böyük deyil, bədənə uyğun ölçüdə olmalıdır. Hazır kostyumların ölçüyə tam uyğun olması çox nadir haldır, hətta çox bahalı olsa belə.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Sifarişlə hazırlanan kostyumun tikilişinin əsas 2 növü var: Made to Measure və Bespoke.

Bəs onların fərqi nədir?

Made to Measure (MTM) – hazır lekalların (şablon) tətbiqidir. Müştərinin ölçüləri götürülərək, fason və parça seçilir, “primerka” (uyğunlaşdırma) üçün baza kostyum lekalları istifadə olunur. Lekal müştərinin fiqurasının anatomik özəlliklərinə uyğunlaşdırılır, dəyişiklik edilərək, şablon əsasında tikilir. Lakin, MTM-də bortlarda, yaxanın eni və digər elementlərdə dəyişikliklər etmək olmur. Bununla yanaşı MTM-də əlavə yoxlamaya ehtiyac qalmır, odur ki, müştərinin vaxtına qənaət olunur. 

Bespoke – dərzi tərəfindən müştərinin bütün ölçüləri götürülür, individual lekallar hazırlanır. Bu üsulun özəlliyi kostyumun əl ilə tikilməsi, fasonun və detalların sifarişçinin istəyinə görə seçilmasidir. Bir neçə “primerka” zamanı sazlanır, ölçüyə və fiquraya görə düzəlişlər aparılır. Nəticədə unikal kostyum alınır.

Əlbəttə, bespoke üsulu ilə tikilən kostyum bədənə ideal oturur və daha baha olur. Xüsusi sifarişlə tikilən kostyumların qiymətləri parçadan və tikiliş növündən asılı olaraq dəyişir. 

Hər iki, MTM və Bespoke üsulu ilə tikilən pencəyin bortları “yapışqan”, “yarı tikiş” və “tikiş” metodu ilə hazırlanır. Buna “Structured” (strukturlu) da deyilir. Bu terminə əcnəbi vebsaytlarda çox rast gəlinir.

Pencəklərin ön hissəsinin və onun bortlarınun şaxlığını yüksəltmək, ön hissənin formasını saxlamaq, düymə yerinin möhkəmliyini artırmaq və ciblərin kənarlarını bəndləmək üçün bortda araqatı materialından istifadə edilir. Bu material karkas rolunu yerinə yetirir.

Dərzilər arasında “kleyevoy” adlandırılan material “клеевые подкладочные материалы” sözünün qısaldılmış variantıdır, mənası yapışqanlı astar materialı deməkdir. O, pencəyin ön hissəsinə iç tərəfdən termo üsulla yapışdırılır. Kleyevoy adlanan bu araqat material pencəyin parçasının hava mübadiləsini məhdudlaşdırır.

Bu üsul istehsal xərclərini azaltmaq üçündür və kostyum daha ucuz başa gəlir.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

“Kleyevoy” materialların keyfiyyət və qiymətlərinə görə müxtəlif növləri movcuddur: dublerin və flizelin. Dublerinin əsası təbii parçalardır, daha dözümlüdür, uzunömürlüdür, daha rahat forma alır. Buna görə qiyməti yüksəkdir. Daha ucuz olan flizelin isə sintetik əsaslıdır, az ömürlüdür, yuyulma və təmizləmə zamanı qatlar verə bilər. 

“Bortovka” adlandırılan metodda “karkas” (araqatı materialı) üç qat parçadan (kətan, yun və pambıq) bir-birinin arasında tikilərək hazırlanır.

“Yarım tikiliş” üsulu “kleevoy” və “bortovka” (tikiliş üsulu) üsullarını birləşdirir. Bu metod çiyin xəttindən aşağı “tikiliş” üsulu ilə, ətəklər isə “yapışqanla” bərkidilir. Bu üsul orta seqment brendlər tərəfindən istifadə olunur.

“Tikiliş” yaxud “Bortovka” adlandırılan metodda “karkas” (araqatı materialı) üç qat parçadan (kətan, yun və pambıq) bir-birinin arasında tikilərək hazırlanır. Aralıq qata dayanıqlığı at yaxud dəvə tükündən olan saplar əlavə edir. Bu çərçivə sayəsində pencəyin yaxaları sabit dayanır. O, əl ilə parçanın iç üzünə bərkidilir, onun formasını şax saxlayır və insan fiqurunun siluetini təkrarlayır. Bu metod çox vaxt və zəhmətə başa gəldiyinə görə bahalıdır. Baha olması da kostyumun uzun illər öz formasını saxlaması və uzunömürlü olması ilə kompensasiya olunur.

✽ Bu məqalə maraqlı ola bilər – Çamadanı yığcam toplama üsulu ➤

Daha bir növ isə “Unstructured” (struktursuz), pencəklərdir. Bu növdə iç tərəfə heç bir araqatı və çiyin hissədə “podpleçnik” (çiyin altlığı) əlavə olunmur. Bu metod yaxşı bədən formasına malik olan kişilər üçün məqbuldur. İsti fəsillər üçün olan kostyum və pencəklərə tətbiq olunur. Enli çiyinləri olan kişilərə çiyin altlığı qoymaq yanlışdır. Çiyini ensiz və geniş bel hissəsi olan kişilərə isə xarici görünüşü yaxşılaşdırmaq üçün çiyin altlığı istifadə olunur.

Tam astarlı və ¼ astarlı pencək

Astar məsələsinə də aydınlıq gətirək. Konstruksiya olaraq soyuq fəsillər üçün pencək ənənəvi, tam astarlı olarsa, bədən istisini daha yaxşı saxlayacaq. Yarım astar (yalnız belin yuxarı hissəsi astarlanır), ¼ astar (belin çiyin hissəsi yarımkürə şəkilində astarlanır) yaz-payız üçün uyğun ola bilər, astarsız (yalnız qollar astarlanır) isə isti havalarda məqbuldur. 

Astar üçün materiallar da müxtəlifdir. Daha ucuz olması üçün poliester material istifafə olunur. Poliester hava keçirmədiyinə görə tərlədə bilər. Süni (təbii əsaslı) material olan viskoz əlçatan qiymət, hava mübadiləsi və dözümlülük məsələsində qızıl ortadır. Premium sinif pencəklərdə təbii olan atlas və süni olan kupra (ipəyə bənzəyir, yüngül və yumşaqdır) astar istifadə olunur.

✽ Bu məqalə maraqlı ola bilər – Səyahət üçün qırışmayan kostyum ➤

Peşəkar tikilmiş kostyum hər bir kişini yaraşıqlı edir

Pencək və kostyumlar materialları haqqında məlumat almaq üçün jurnalımızdakı məqalə ilə tanış ola bilərsiniz.

✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤

Məsləhət: Kostyuma 2 şalvar sifariş etmək məsləhətdir. Çünki, şalvar pencəkdən daha tez aşınır.

Hər bir halda sifarişlə tikilən kostyum yaxud pencək hazır satılanlardan daha yaxşıdır. Çünki, kostyum fiquraya görə hazırlananda bədənə daha yaxşı oturur və yaraşıqlı göstərir.

Ona görə gedin tikdirin!

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.