Azərbaycanın yay iqlimi isti, rütubətli və bəzən günəşin amansız olduğu bir mühitdir. Belə şəraitdə həm eleqant görünmək, həm də rahatlığı qorumaq əsl bacarıq tələb edir. Xüsusilə son illərdə kişi qarderobunun ayrılmaz hissəsinə çevrilən kətan safari gödəkcəsi məhz bu rahatlıq və üslub balansını təmin etmək üçün yaradılıb.

Tarixi kök. Aristokratiyadan şəhər üslubuna Safari gödəkcəsinin tarixi sadəcə bir geyim nümunəsinin deyil, həm də macəra ruhunun və yüksək statusun tarixidir. Onun mənşəyi XIX əsrin sonlarına, Britaniya imperiyasının müstəmləkə dövrünə gedib çıxır. İlk olaraq hərbi məqsədlər üçün hazırlanmış bu gödəkcə qısa müddət sonra Britaniya aristokratiyasının və zadəganlarının ekzotik səfərlərdə, xüsusilə Afrika safarilərində üstünlük verdiyi geyimlərdən birinə çevrildi. O dövrdə safari gödəkcəsi macəra həvəskarlarının və səyyahların ayrılmaz atributu hesab olunurdu.

Zadəganların bu gödəkcəni seçməsinin əsas səbəbi onun təkcə funksionallığı deyil, həm də daşıdığı zərif və nüfuzlu aura idi. İllər keçdikcə safari gödəkcəsi hərbi geyim statusundan çıxaraq yüksək modanın bir hissəsinə çevrildi və 1960-cı illərdə İv Sen-Loran kimi məşhur dizaynerlərin təqdimatında podiumlara yüksəldi. Bu gün isə o, şəhər həyatında zövqlü və özünəinamlı üslubun rəmzlərindən biri hesab olunur.

Klassik palitra: hansı rənglərə üstünlük verməli?

Safari gödəkcəsinin ruhunu yaşadan əsas xüsusiyyətlərdən biri onun rəng seçimidir. Ənənəvi olaraq bu gödəkcələr təbiət, səyahət və macəra ilə assosiasiya olunan çalarlarda təqdim edilir. 

Qarderobunuzu formalaşdırarkən aşağıdakı rənglərə üstünlük vermək zamansız və eleqant görünüş yaradacaq.

Bej və qum rəngi. Safari üslubunun klassik seçimidir. Açıq tonlar günəş şüalarını daha yaxşı əks etdirir, isti havada komfort yaradır və təmiz, eleqant görünüş bəxş edir.

Xaki/zeytun rəng. Safari gödəkcəsinin hərbi köklərini ən yaxşı əks etdirən rəngdir. Güclü, maskulin və xarakterli görünüş sevənlər üçün ideal seçimdir.

Sürməyi (tünd göy) və açıq mavi. Müasir şəhər üslubuna ən uğurla uyğunlaşan rənglərdir. Xüsusilə tünd mavi çaları safari gödəkcəsini ofis və biznes-casual mühitinə rahatlıqla uyğunlaşdırmağa imkan verir.

Qəhvəyi, tütün rəngi. Dərin, ciddi və prestijli aura yaradır. Kətan parçanın təbii fakturası ilə birlikdə bu rəng daha zəngin və premium vizual effekt formalaşdırır.

Kətan Safari gödəkçə üçün klassik rənglər: bej, xaki, mavi və qəhvəyi

Bel tərzi: siluetin memarlığı

Safari gödəkcəsini adi yay köynəyindən fərqləndirən əsas xüsusiyyət onun kəsimi və bel hissəsinin tənzimlənmə üsuludur. Bu geyim ilk növbədə funksionallıq prinsipi əsasında yaradılsa da, məhz bel xəttindəki konstruktiv detallar onu kişi qarderobunun əsl stil ikonalarından birinə çevirir.

Safari gödəkcələrində əsasən üç fərqli bel tərzi mövcuddur.

Kəmərli model. Safari üslubunun ən klassik və aristokratik variantıdır. Kəmər silueti vizual olaraq daha atletik, proporsional və səliqəli göstərir. Etiraf etmək lazımdır ki, yerli kişi modasında kəmərli üst geyimlərə hələ də müəyyən tərəddüdlə yanaşılır və bir çox kişi bu modeli seçməkdən çəkinir. Halbuki, bu, safari üslubunun ən xarakterik elementlərindən biridir. Kəməri öndən və ya arxadan bağlamaqla həm klassik, həm də daha ifadəli siluet yaratmaq mümkündür. Bu modeli seçməkdən çəkinməyin. Əksinə, o, zövqünüzün və özünəinamınızın göstəricisinə çevrilə bilər.

Qaytanlı model. Daha dinamik və idman üslubuna yaxın görünüş sevənlər üçün nəzərdə tutulub. Bel hissəsində yerləşən qaytan vasitəsilə gödəkcənin bədənə oturuşunu asanlıqla tənzimləmək mümkündür. Bu detal geyimə həm utilitar xarakter, həm də müasir görünüş qazandırır. Xüsusilə fit bədən quruluşuna sahib kişilər üçün qaytanlı model silueti daha səlis göstərən uğurlu seçimdir.

Sadə, düz kəsim. Minimalizmi sevənlər üçün ən uyğun variantdır. Kəmər və ya bel yığımı olmayan bu modellər gödəkcəni daha sərbəst forma ilə təmin edir, onu "shirt jacket" (köynək-gödəkçə) üslubuna yaxınlaşdırır. Gündəlik istifadə və rahat "Sprezzatura" obrazlar üçün ən praktik seçim məhz bu model hesab olunur.

Safari gödəkcələrinin beli kəmərli, qaytanlı və düz kəsimdən seçim etmək olar

Unutmayın ki, stil yalnız nə geyindiyinizlə deyil, onu necə daşıdığınızla müəyyən olunur. Kəmərli safari gödəkcəsinin yaratdığı aristokratik silueti sınamaq bəzən qarderobunuzda edə biləcəyiniz ən uğurlu dəyişikliklərdən biri ola bilər.

Nə üçün məhz kətan?

Yay mövsümü üçün kətandan (ing. Linen) daha uğurlu parça tapmaq çətindir. Onun nəfəsalan quruluşu, təbii antibakterial xüsusiyyətləri və yüksək rütubətdə belə bədəni sərin saxlamaq qabiliyyəti kətanı isti hava üçün ideal seçimə çevirir.

Kətanın daha bir üstünlüyü onun zaman keçdikcə daha xarakterik görünüş qazanmasıdır. Təbii qırışlar bu parçanın qüsuru deyil, əksinə, onun fərqləndirici xüsusiyyətidir. Elə buna görə də kətan safari gödəkcəsi həm rahatlığı, həm də zövqlü görünüşü eyni anda təqdim edir.

Nəzərinizə çatdırımaq istərdim ki, yüksək keyfiyyətli kətan parçanın qırışmaya qarşı davamlılığı, aşağı keyfiyyətli (qısa lifli) kətanla müqayisədə nəzərəçarpacaq dərəcədə fərqlidir. Bunun əsas səbəbi onun liflərinin uzunluğu və sıxlığıdır. Yüksək keyfiyyətli kətan, uzun və nazik liflərdən toxunur. Bu liflər parça səthinin daha hamar və bərabər olmasını təmin edir, nəticədə parça qırışsa belə, o, daha "nəcib" və təbii bir tekstura kimi görünür.

Necə kombin etməli?

Safari gödəkcəsinin ən böyük üstünlüklərindən biri onun çoxyönlü olmasıdır. O, həm işgüzar mühitdə, həm gündəlik şəhər həyatında, həm də yay tədbirlərində rahatlıqla istifadə oluna bilər.

Safari gödəkçələr əsasən baza rənglərdə olduğu üçün hər rəng və tərzlə rahat kombin oluna bilir

Smart Casual iş görünüşü. Safari gödəkcəsini klassik şalvarla kombin etməklə həm rahat, həm də peşəkar görünüş əldə edə bilərsiniz.
Kombin: açıq bej rəngli safari gödəkcəsi, ağ kətan köynək və mavi (navy) rəngli incə yun (cool wool) şalvar yaxud tünd yuyulmuş (ing. Dark Wash) Cins.
Detallar: Zamşa loaferlər və ya minimalist dəri mokasinlər bu görünüşü zərif şəkildə tamamlayacaq.

Şəhər gəzintisi. Dostlarla görüşlər və ya həftəsonu gəzintiləri üçün safari gödəkcəsi rahat və eleqant seçimdir.
Kombin: xaki və ya tütün rəngli safari gödəkcəsi, açıq mavi köynək və tünd rəngli Çino və ya Gurkha şalvar.
Detallar: Ağ dəri sniker, günəş eynəyi və dəri kəmər obrazı tamamlayan əsas aksesuarlardır.

Yay ziyafətləri və açıq hava tədbirləri. İsti yay axşamlarında açıq rəngli safari gödəkcəsi həm diqqətçəkən, həm də zövqlü seçimdir.
Kombin: Ağ və ya açıq boz rəngdə monoxrom dəst (şalvar və köynək) və sürməyi rəng Safari gödəkçə.
Detallar: Tam ağ (total white) görünüşdə həddindən artıq steril görüntü yaratmamaq üçün şalvar və köynək fərqli tonalrada olması daha yaxşı obraz yaradacaq. Onlardan biri ağ, digəri isə krem yaxud fil sümüyü rəngdə məqsədəuyğundur. Ayaqqabı seçimi kimi isə mavi zamşa loaferlər bu obrazı ən uğurlu şəkildə tamamlayacaq.

Safari gödəkcələr universal olduğu üçün müxtəlif kombinlər yaratmaq mümkündür

Safari gödəkcəsinin xarakterini tamamlayan ən vacib elementlərdən biri onun kəməridir. Əgər gödəkcəni düymələyirsinizsə, kəməri bağlamaq bel xəttini vurğulayır, silueti daha proporsional göstərir və obraza zərif dinamika qatır. Kəməri isə nə həddindən artıq sıx, nə də tam sərbəst saxlamaq tövsiyə olunur – əsas məqsəd təbii görünüş əldə etməkdir.

Çanta seçiminə gəldikdə, dəri portfellər, zamşa messenger çantalar və ya dəri bel çantaları Safari üslubu ilə ən uğurlu uyğunluğu təşkil edir. Aksesuarlarda təbii dəri, zamşa və kətan kimi materiallara üstünlük vermək ümumi obrazın harmoniyasını qorumağa kömək edəcək.

Safari gödəkcəsi sadəcə bir geyim deyil – bu, həyat tərzidir. O, rahatlığı, zövqü və özünəinamı eyni anda ifadə edən müasir kişinin qarderobunda xüsusi yer tutur. Britaniya zadəganlarının miras qoyduğu bu üslub bu gün də aktuallığını qoruyur və klassik zərifliyi gündəlik rahatlıqla uğurla birləşdirir.

Bakının isti yay günlərində kətan safari gödəkcəsinə üstünlük verməklə siz yalnız eleqant görünüş nümayiş etdirməyəcək, eyni zamanda isti hava şəraitində maksimum komfort əldə edəcəksiniz. Unutmayın ki, əsl stil geyimin qiyməti ilə deyil, onun düzgün seçilməsi, keyfiyyəti və daşıma tərzi ilə müəyyən olunur.

Bəs siz safari gödəkcəsini hansı geyim və aksesuarlarla kombin etməyi daha uğurlu hesab edirsiniz?

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.